مصاحبه روزنامه "یئنی مساوات" جمهوری آذربایجان با من در موضوع تاثیر توافق هسته ای وین بر سیاست داخلی ایران. این مصاحبه روز 24 ژوئیه 2015 در صفحه 8 این روزنامه و سایت آن منتشر شد.
İranlı analitik Məsud Sədr hesab
edir ki, bu anlaşma ilə ölkənin qarşıdakı 10 illik siyasət binasının
kərpicləri kəsilməyə başlayıb...
İranla
“altılıq” ölkələri arasında nüvə anlaşması İslam Respublikasında siyasi
və hərbi dairələrdə birmənalı qarşılanmadı. Ali dini lider bu prosesə
dəstək versə də, anlaşmadakı bəzi müddəalar, xüsusən də raket
mərkəzlərinin təftişə açılması hərbi dairələrin etirazına səbəb olub.
Bir neçə gün əvvəl SEPAH-ın komandiri İbrahim Cəfəri bu müddəanın İran
üçün “qırmızı xətt” olduğunu və raket mərkəzlərinin təftişinə icazə
verməyəcəklərini açıq şəkildə bəyan edib.
Bundan
başqa, İranın ABŞ-la yaxınlaşmadan sonra Yaxın Şərq siyasətində
dəyişikliyin olacağı ilə bağlı iddialar da ortaya atılıb. Doğrudur, bu
cür iddialar təkzib olunur. İranlı jurnalist, siyasi prosesləri tədqiq
edən araşdırmaçı Məsud Sədr deyir ki, İranla “altılıq” ölkələri arasında
anlaşma yeni imkanlar yaratması və ən əsası, sülh gətirməsi baxımından
İran xalqı üçün əvəzedilməz hadisədir. Ancaq onun sözlərinə görə, bu
anlaşma ölkə daxilində siyasi qüvvələr arasında ciddi fikir
ayrılıqlarına da səbəb olub.
İran insanı
xatırlayır ki, 80 il əvvəl Rusiya və Britaniya İran dövlətinə xəbər
vermədən bu ölkəni öz aralarında bölürdü, yaxud 60 il öncə ABŞ
kəşfiyyatı bir gecədə İranın ən çox sevilən baş nazirini devirirdi və
hətta 40 il əvvəl İran şahı ABŞ prezidenti qarşısında necə müti
davranırdı: "Bu tarixi təcrübələri yaddaşında saxlayan bir xalq əlbəttə
ki, indi öz təmsilçilərini masanın bir tərəfində və dünyanın 6 gücünü
masanın o biri tərəfində görəndə müəyyən dərəcədə sevinib və hətta
güvənir. Ona görədir ki, bu 12 ildə müxtəlif siyasi cərəyanlar iqtidara
gəlsələr də ən gərgin vaxtlarda belə müzakirə prosesinə qarşı pozitiv
mövqedən yanaşıblar. H. Ruhanı isə seçki kampaniyalarında bu çıxılmaz və
sonu olmayan bir dalanda dayanan məsələni çözəcəyinə söz verib və
hakimiyyətinin ilk aylarından bu işə əmək sərf etdi".
Ancaq
yazarın sözlərinə görə, Həsən Ruhaninin müxalifləri onu və komandasını
nüvə anlaşması üçün həddən artıq can atdığına və anlaşma əldə edilmək
üçün ölkənin imicinə zərər verə biləcək addımlar atacağına görə tənqid
edirdi: “Bu tənqidlər Cenevrə anlaşması ilə ən pik həddinə gəlib
çıxdı və müxalifət o anlaşmanı ”nüvə xolokostu" adlandırdı. Tənqidlərin
ikinci dalğası Lozanna bəyannaməsində baş verdi. Bu dəfə də müxalifət
sərt tənqidlərlə çıxış etdi. Əsas problem atom məsələsindən əlavə İranın
raketləri, Suriya, Yəmən və “Hizbullah” məsələsi kimi mövzuların da
müzakirələrdə Qərb təmsilçiləri tərəfindən hallandırılması idi. Bu iki
tənqid dalğasını nəzərə alsaq, son anlaşmaya qarşı çox az və daha yumşaq
tənqidlərin şahidi olduq. Bu da onu göstərir ki, bu anlaşma müxalifətin
gözlədiyi qədər də faciəvi deyilmiş və Ruhani hökuməti müxalifətin
səsini çıxarmayacağı dərəcədə müsbət bir anlaşma əldə edə bilib. Bu
arada İslahatçılar cinahı - iqtidar yandaşları - böyük bir kampaniya
başlayaraq, bu anlaşmanı tamam bir zəfər kimi qələmə verib, dövlətin
nailiyyətli siyasətlərinin açıq göstəricisi kimi göstərirlər. Amma qarşı
tərəf, yəni müxalifət bu anlaşmanı bəlkə son nöqtəsini qoyacaq bir
prosesin başlanğıcı kimi görür. Müxalifət hər dəfə ABŞ və Avropa
İttifaqının İrana qarşı bu anlaşmanı etibardan sala biləcək addımlar ata
biləcəyini nəzərə alaraq hələ kamil bir nailiyyət yoxdur, deyə şənliyə
səbəb görmür".
M.Sədr deyir ki, nüvə
anlaşmaları ilə bağlı fikir ayrılıqları anlaşmanın özündən çox onun
haşiyələri ilə bağlıdır. Jurnalistin sözlərinə görə, indi əsas mövzu
Amerikanın İranın ballistik raketləri ilə bağlı qərarlarıdır:
“Baxmayaraq ki, müzakirə heyəti ”biz ancaq atom məsələsi ilə bağlı
müzakirə aparırıq" deyirdi, amma “bu raketlər atom bombası daşıya bilər”
deyə Amerika bu məsələni tez-tez gündəmə gətirir. Ondan əlavə, İranın
bəzi hərbi hissələrində ola biləcək monitorinqlər də fikir ayrılığını
dərinləşdirib. İran dəfələrlə deyib ki, öz müdafiə gücünü müzakirə
mövzusu görmür və heç kimin bu mövzularda müzakirə aparmaq səlahiyyəti
yoxdur. Bunu nəzərə alaraq BMT TŞ-nin dünənki (iki gün əvvəlki - K.)
qərarında olan bu məsələlərlə bağlı bəndləri İran tərəfi qəbul
etmədiyini bildirib. Bu gün isə müzakirələrin əsas himayəçilərindən biri
və İran xarici siyasətinin qara cəbhəsi kimi tanınan Əliəkbər Vilayəti
açıqcasına “biz istədiyimiz vaxt, lazımi silahı istehsal etmək haqqına
malikik” dedi. SEPAH-ın baş komandiri isə bu məsələ ilə bağlı 2 gün
əvvəl təkid etmişdi. İndilikdə əsas problemlər bu sahədədir. Amma fikir
ayrılıqlarının ölkə daxilində dərinləşib, siyasi gərginlik yaratmasına
inanmıram. Ona görə ki, istər iqtidar, istərsə də müxalifət bu
məsələlərdə o qədər də fərqli düşünmürlər və bu sahənin “qırmızı xətt”
olduğunu danışırlar. İndi əsas məsələ budur ki, bu anlaşma bir proje idi
və indi, yaxud ən uzağı 9 ay içində bitəcək, yoxsa İranla ABŞ arasında
müxtəlif mövzuların müzakirəsi üçün bir prosesin başlanmasına səbəb
olacaq? İki tərəf - iqtidar və müxalifət - açıqcasına söyləməsələr də,
pərdə arxasında beyinləri məşğul edən mövzu hazırda budur".
Müəllifin fikrincə, anlaşma İranın bölgə siyasətinə təsir etməyəcək: “İranın
xarici siyasətini iki qola ayırmaq olar. Birincisi, dəyişilməz təməl
yaxud strateji əlaqələr, məsələn, ”Hizbullah", Suriya, İraqın ərazi
bütövlüyü və müqavimət qrupları ilə əlaqələr. Bu qrupdan olan əlaqələr
siyasi cinahların və dövlətlərin dəyişməsi ilə heç dəyişmir. Bunun əyani
nümunəsini Suriya məsələsində gördük. Ruhani dövlətinin Suriya siyasəti
Əhmədinejadın siyasətindən o qədər də fərqlənmir. Amma bir də taktiki
olan və dəyişilə biləcək əlaqələr var. Bu arada Rusiya, Çin, Hindistan
və məsələn, Cənubi Amerika ölkələri ilə olan əlaqələrdir. Bura qədər
İrana qarşı olan sanksiyalarından əsas fayda götürən ölkələr Rusiya və
Çin olub ki, indi bu sanksiyaların aradan qaldırılması ilə və Avropa
şirkətlərinin İrana qayıtması ilə təbii ki, bu iki ölkənin yerləri
İranın siyasi iqtisadiyyatında dəyişəcək. Bu günlər alman şirkətlərinin
İrana səfərinə şahidik, gələn həftələrdə isə başqa ölkələrdən olan
şirkətlərin gəlməsini gözləmək olar. Bu arada Fars körfəzi ölkələri də
təsirlənəcək. İranın daxili siyasətində Anqlo-sakson, yaxud Qərbi
Avropaya meylli qollar daha da güclənəcək.
Amma
nəzərdən qaçırılmayacaq bir məqam var. O isə budur ki, İran
iqtisadiyyatı Türkiyənin Ərdoğan dönəmində alışdığı “sıcak para” deyilən
xarici sərmayələrdən asılı olacaqmı, yoxsa yox? Qısa müddətdə bu “sıcak
paralar” ölkə iqtisadiyyatına müsbət təsir etsə də - xüsusilə 5-6 illik
ağır sanksiyalar altında olan İran iqtisadiyyatı kimi - uzun müddət
davam etdikdə ölkənin bütün sahələrdə siyasətlərini dəyişdirmək gücünə
malik ola bilir. Demək, xarici sərmayəyə dayanan güclü iqtisadiyyat ölkə
siyasətinin zəif cəhətinə səbəb olur. İndi əsas məsələ budur: İran regionda uzunmüddətli sıfır problem səviyyəsinə gəlib çatacaqmı?
Məncə,
bu xəmir hələ bundan da artıq su istəyəcək. Region, xüsusilə ərəb
ölkələri o qədər ağır və sürətli dəyişikliklərə məruz qalıb ki, İranın
bu dəyişikliklərə qarşı mövqeyindən rahatlıqla danışmaq olmur. Diqqətə
almalıyıq ki, bu proqnozlar hamısı son anlaşmanın istənilən yolda
irəliləməsi şərti ilə bağlıdır və bu proses dayanarsa yaxud yolundan
azarsa, heç nə olmamış kimi bir duruma düşə bilərik".
M.Sədrə
görə, gələn il baş verəcək hadisələr İranda həm anlaşmanın gələcək
taleyi, həm də siyasi proseslərin axarını müəyyən edəcək: “Avropanın
İranın 80 milyonluq bazarı, fabrik-zavodlar inşa etmək üçün təhlükəsiz
və əlverişli şəraiti, Rusiyaya qarşı sanksiyalardan yaranmış problemləri
və gələcəkdə qaz və neftlə Avropa enerji probleminin həllində rus
qazının qarşısında olan alternativliyi Avropa üçün bu məsələnin həllini
maraqlı edir. Başqa tərəfdən isə İranın daxili siyasətində hər şey bu
anlaşmaya bağlanıb desək, yanılmarıq. 8 ay sonra İranda çox önəmli
parlament seçkiləri olacaq və əlbəttə, ondan bir neçə ay sonra isə
prezident seçkiləri. Bu seçkilərin taleyinə bu anlaşma böyük miqyasda
təsir edə bilər. Belə demək olar ki, İranın gələn 10 illik siyasət
binasının kərpicləri anlaşma günündən kəsilməyə başlayıb”.
لینک اصلی مطلب:
http://musavat.com/news/siyaset/nuve-anlashmasi-irani-hara-aparacaq-sherqe-yoxsa_280703.html